Elbrus İsayev: Hesablama Palatası ilə əməkdaşlıq Universitet üçün böyük əhəmiyyət daşıyır

Elbrus İsayev: Hesablama Palatası ilə əməkdaşlıq Universitet üçün böyük əhəmiyyət daşıyır

17 İyun 2025

"Bu gün Naxçıvan Dövlət Universitetində çox əhəmiyyətli bir tədbirə ev sahibliyi etdik. Tədbir universitetdə kadr hazırlığı ilə əlaqəlidir. Məlumdur ki, NDU universitet-sənaye və hökumət qurumları ilə əməkdaşlığa üstünlük verir və bu sahədə il ərzində müxtəlif tədbirlər keçirilir. Bu günkü tədbir də bu istiqamətdə ən vaciblərdən biri idi və Hesablama Palatası ilə əməkdaşlıq Universitet üçün böyük əhəmiyyət daşıyır”.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iyunun 17-də AR Hesablama Palatası və NDU arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində Universitetin tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərin yekun tədbirində rektor Elbrus İsayev mətbuata müsahibəsində bildirib.

Rektor qeyd edib ki, təlimlər Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə uyğun olaraq təşkil edilib. Dövlət müəssisələrində audit xidmətinin təşkili ilə bağlı AR Hesablama Palatasının peşəkar mütəxəssislərindən ibarət təlimçilər Naxçıvan Dövlət Universitetində müsahibə yolu ilə seçilmiş tələbələrə üç aylıq təlimlər keçib.

“Təlimlərə həm bakalavriat, həm də magistr səviyyəsində təhsil alan tələbələrimiz cəlb olunub. Üç aylıq təlim prosesində 42 saatlıq proqramın mənimsənilməsi sonda üç mərhələli imtahanlarda qiymətləndirilib. Bunlar test, yazılı və müsahibə mərhələləridir. Beləlilkə bu gün əmək bazarında daha çox ehtiyac duyulan maliyyə və mühasibat uçotu, audit sahəsindəki kadrların birgə hazırlığının birinci mərhələsini uğurla tamamlamış oluruq. Təlim proqramında seçilmiş 20 tələbəmiz yüksək nailiyyətlər göstəriblər. Onların hamısı sertifikatlarla təmin olunub, 8 nəfər fərqlənmə sertifikatına layiq görülüb. Ümidvarıq ki, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarında vakant olan dövlət audit xidmətinin mühasibat uçotu və  maliyyə işi ilə əlaqədar olan vakansiyaların tutulmasında bu məzunlarımız öz yerlərini alacaqlar. Biz bu təlimin davamlı olmasında maraqlıyıq”. - deyə rektor qeyd edib.