
Naxçıvanda “N-Telekom” və “Naxçıvanpoçt” yenidən təşkil edildi
Avqustun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sənədə görə, “N-Telekom” publik hüquqi şəxsi “Naxçıvan Telekom” MMC-yə, “Naxçıvanpoçt” publik hüquqi şəxsi isə “Naxçıvanpoçt” MMC-yə çevrilir.
Yeni yaradılan məhdud məsuliyyətli cəmiyyətlərin ümumi yığıncaqlarının səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bölüşdürülüb.
Buraya rəhbərlərin təyin edilməsi və azad olunması, struktur və əməkhaqqı sisteminin təsdiqi, nizamnamələrin qəbul edilməsi, filial və nümayəndəliklərin yaradılması, illik maliyyə hesabatlarının təsdiqi kimi məsələlər daxildir.
Frmana əsasən, Nazirlər Kabineti, Nazirlik və digər aidiyyəti qurumlara normativ-hüquqi aktların uyğunlaşdırılması və yeni nizamnamələrin təsdiqi üçün konkret müddətlər verilib.