Naxçıvanda vergi ödəyiciləri ilə görüşlər keçirilib -

Naxçıvanda vergi ödəyiciləri ilə görüşlər keçirilib - FOTO

15 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə “Vergi intizamı: nəzarət-kassa aparatlarının tətbiqi” mövzusunda maarifləndirici görüşlər keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirlərdə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının rezidentləri 1 yanvar 2026-cı il tarixindən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilib və MR-də ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Qeyd olunub ki, tətbiq olunan uzunmüddətli vergi və sosial güzəşt mexanizmləri regionda iqtisadi inkişafın davamlılığını təmin etmək, əlverişli biznes mühiti genişləndirmək və sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədi daşıyır.

Görüşlərdə vergi güzəştlərinin vergi ödəyicilərini qanunvericiliklə müəyyənləşdirilmiş öhdəliklərin icrasından azad etmədiyi də vurğulanıb. Belə ki, bəzi hallarda ödəyicilər tərəfindən nəzarət-kassa aparatlarından istifadə edilməməsi və vətəndaşlara çek təqdim olunmaması halları müşahidə edilir. Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə, yerləşmə (hotel) xidmətləri, tibb müəssisələri, bərbərxana və gözəllik salonları daxil olmaqla bir sıra fəaliyyət sahələrində pul hesablaşmaları mütləq qaydada nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda diqqətə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, nəzarət-kassa aparatlarından istifadə qaydalarının pozulmasına görə təqvim ili ərzində birinci hal üçün 1000 manat, ikinci hal üçün 3000 manat, üç və daha çox hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Görüşlər zamanı iştirakçıları maraqlandıran suallar geniş müzakirə edilib, praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.