"Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib -

"Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib - FOTO

31 Oktyabr 2025

Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Culfa Rayon İcra Hakimiyyətinin  və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bənəniyar kəndində  “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Komitə sədri ailə dəyərləri, qadınların ailədəki rolu və  uşaqların tərbiyəsi  üzərindəki təsirindən ətraflı bəhs edib və qeyd edib ki,  Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və inkişafında qadınların rolu əvəzsiz olmuşdur. Qadınlar yalnız ailənin əsas dayağı deyil, həm də cəmiyyətin mənəvi sütunlarından biridir. Tarix boyunca Azərbaycan qadını öz müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ilə xalqımızın inkişafında vacib rol oynamışdır. R.Seyidova qeyd edib ki, Komitə fəaliyyət göstərdiyi dövrdə muxtar respublikanın bir çox kəndlərində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil edib. Bu tədbirlərin əsas məqsədi erkən nikah və qohum evlilik hallarının qarşısını almaq, uşaqların hüquqları barədə ictimai məlumatlılığı artırmaqdır. Sağlamlıq imkanları məhdud olan uşaqlar barədə Komitə sədri vurğulayıb ki, muxtar respublika üzrə 2079 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların 121 oğlan və 89 qız olmaqla 210 nəfəri Culfa rayonunun payına düşür. Bu səbəbdən erkən nikahın və qohum evliliyinin qarşısının alınması üçün yerlərdə ailələr, məktəblər və ictimai təşkilatlarla sıx əməkdaşlıq qurulub. Təhsildən kənarda qalan uşaqların yenidən təhsil sisteminə cəlb olunması üçün tədbirlər görülür, valideynlər və təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüşlər təşkil olunur. Bu görüşlər çərçivəsində uşaqların hüquqları, gender bərabərliyi və ailə dəyərləri ilə bağlı interaktiv müzakirələr və təlimlər həyata keçirilir.

Yerli icmalarla daimi əlaqələr qurularaq qadınların sosial problemləri yerindəcə öyrənilir və həlli ilə bağlı müvafiq tədbirlər görülür. R.Seyidova çıxışının sonunda vurğulayıb ki, Komitə hər bir ailənin sağlam, təhlükəsiz və rifahlı mühitdə yaşaması istiqamətində fəaliyyətini davam etdirəcək.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva "Sağlamlıq imkanları məhdud olan uşaqların doğulma səbəbləri" mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, hamiləlik dövrünün sağlam və təhlükəsiz keçməsi üçün gələcək analar ilk növbədə öz sağlamlıqlarına xüsusi diqqət göstərməli, bu dövrə dair zəruri bilik və məlumatlarla maarifləndirilməlidirlər.

Çıxışının davamında G. Əliyeva bildirmişdir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar fiziki, psixoloji və ya əqli imkanlarına görə bəzi fəaliyyət sahələrində məhdudluq yaşayırlar. Onların sağlamlıq durumunun formalaşmasında əsas səbəblər kimi genetik amillər, hamiləlik və doğuş zamanı baş verən travmalar, yoluxucu xəstəliklər, eləcə də ətraf mühit faktorları xüsusi rol oynayır. Qeyd olunub ki, bu uşaqların erkən diaqnostikası və reabilitasiya tədbirlərinin vaxtında həyata keçirilməsi onların cəmiyyətə inteqrasiyası və funksional inkişafı baxımından olduqca vacibdir. Tədbir diskussiya şəklində davam etmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müxtəlif mövzularda broşurlar paylanılıb.