
AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub
Milli Mətbuatın 150 illiyinə həsr olunmuş elmi konfrans AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iyul ayının 8-də baş tutan elmi konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamının vəzifələrindən bəhs edən akademik Azərbaycan mətbuatının tarixindən, mətbuatın milli şüurun, milli ideologiyanın inkişafında oynadığı roldan və “Əkinçi” qəzetinin keçdiyi keşməkeşli yolun bugünkü Azərbaycan mətbuatına bəxş etdiyi nəticələrindən söz açıb. İsmayıl Hacıyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mətbuatın əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Milli mətbuatın inkişafında “Şərqi-rus” qəzetinin yeri və rolu” mövzusunda məruzə edib. Professor Azərbaycan ziylalılarının cəmiyyətə çıxış platformasına çevrilən “Şərqi rus” qəzetinin fəaliyyətindən, bu qəzetin millli kimliyin, mədəni özünüdərkin və ictimai şüurun formalaşmasındakı rolundan bəhs edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Molla Nəsrəddin” jurnalının milli mətbuatın inkişafında yeri və rolu” mövzusunda məruzə edib. Dosent “Molla Nəsrəddin” jurnalının məktəb kimi fəaliyyətindən, mətbuat tariximizdəki əvəzsiz rolundan, avamlıq, dini fanatizmə qarşı mübarizəsindən ətraflı söz açıb.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Milli mətbuatımız ötən əsrin sonlarında müstəqillik uğrunda mübarizədə” adlı məruzəsində Naxçıvan mətbuatının formalaşması tarixindən və Ümummilli Lider Heydər Əliyevin bu sahədəki fəaliyyətindən söz açıb. Tarixən ideoloji buxovların məngənəsində mətbuat orqanlarının milli özünüdərkin formalaşmasındakı roluna diqqət çəkib.
Konfransın sonunda İsmayıl Hacıyev Azərbaycan tarixində mətbuatın əhəmiyyətinin sadəcə müəyyən dövr üçün deyil, tarixin sonrakı mərhələləri üçün də əhəmiyyətli vasitə olduğunu vurğulayıb və müvafiq tapşırıqlar verib.