Maliyyə Nazirliyində təlim keçirilib -

Maliyyə Nazirliyində təlim keçirilib - FOTO

08 İyul 2025

İyulun 8-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin tətbiqi ilə bağlı iki günlük təlimə start verilib. Təlim Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq sistem üzrə təlim-tətbiq komandasının iştirakı ilə təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iki gün davam edəcək təlimdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və tabe qurumlarının əməkdaşları, həmçinin muxtar respublikada dövlət rüsumlarının tutulmasını həyata keçirən aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Təlim başlamazdan əvvəl maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək bildirib ki, təlimin əsas məqsədi “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin yaradılma zərurətinin və onun qanunvericilik əsaslarının iştirakçılara izah olunması, sistemin funksional imkanları barədə ətraflı məlumatın təqdim edilməsi, eyni zamanda aidiyyəti qurumlarda praktiki tətbiqi üçün zəruri bilik və bacarıqların formalaşdırılmasıdır.

İlk mərhələdə təlim iştirakçılarına sistemin hüquqi bazası, normativ aktlarla tənzimlənməsi və elektron sistemə keçidin üstünlükləri barədə məlumat verilib, sistemin texniki imkanları, istifadə qaydaları və tətbiq mexanizmləri izah edilib.

Daha sonra təlim iştirakçılarla qarşılıqlı müzakirə şəraitində davam etdirilib. Sistemin tətbiqi ilə bağlı suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Təlimin sonunda iştirakçıların rəyləri və təklifləri dinlənilib, sistemin tətbiqində qarşıya çıxa biləcək çətinliklər və onların həlli yolları birgə müzakirə olunub.