
Naxçıvanda növbəti dəfə “SUVAR!” aksiyası keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SUVAR” ekoloji aksiyası növbəti dəfə keçirilib. Bu dəfəki aksiya Naxçıvan şəhərinin Çənlibel məhəlləsində baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Aksiyada Ekologiya könüllüləri bu dəfə də fəallıq nümayiş etdiriblər. Onlar ağacları suvarmaqla yanaşı ətrafdakı insanlara da aksiyanın məqsədi barədə məlumat verərək onları dəstəyə və sudan səmərəli istifadəyə dəvət ediblər. Aksiya çərçivəsində "Tullantıları ekoçantaya dəyiş" təşəbbüsünün də baş tutması diqqət çəkən məqamlardan olub.
Qeyd edək ki, ekoloji aksiya Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Aksiyanın davamlı olaraq keçirilməsi nəzərdə tutulur.