
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib
Azərbaycan Respublikası Milli Məclisinin iyulun 8-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunun mərkəzləşdirilməsi, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin rolu ilə bağlı əhəmiyyətli yeniliklər ehtiva edir. Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunur. Bu qurum prezidentə birbaşa tabe olacaq və onun müəyyənləşdirdiyi vəzifələri icra edəcək. Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri ilə eyniləşdirilir. Konstitusiyanın preambulasında Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olması vurğulanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər Prezidentin qərarı ilə, Məclis sədrinin təklifi əsasında keçiriləcək. Müharibə şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyü halında səlahiyyət müddəti uzadılacaq. Məclisin fəaliyyət göstərməməsi və ya 31 deputatın tələbi əsasında Prezident tərəfindən buraxılması imkanı yaradılıb. Nazirlər Kabineti və digər icra strukturlarının fəaliyyəti Prezidentin razılığı ilə tənzimlənəcək. Mərkəzi icra orqanlarının yaradılması və ləğvi Prezidentin razılığı ilə mümkün olacaq. “Qərar” anlayışı “sərəncam” anlayışı ilə əvəz edilib, hüquqi normativ aktların qəbul qaydalarında dəqiqləşmələr aparılıb. Qanunların qəbul qaydası yenidən müəyyən edilib; bəzi səlahiyyətlər ləğv olunub və ya Azərbaycan Respublikası Prezidentinə verilib. Bu dəyişikliklər Naxçıvan Muxtar Respublikasının hüquqi və inzibati sisteminin Azərbaycan Respublikası Konstitusiyası ilə daha sıx inteqrasiyasını təmin etməyi hədəfləyir.
Qeyd edək ki, Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.