Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunda görülən işlər açıqlanıb

Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunda görülən işlər açıqlanıb

08 İyul 2025

Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən mətbuat konfransında Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov media nümayəndələrinə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Bu sərəncamın icrası çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2024-cü il tarixli qərarı ilə Qoruğun sərhədləri və mühafizə zonası, habelə ərazinin xüsusi rejimi təsdiq olunub.

“Qoruğun ərazisi 240.06 ha, mühafizə zonası isə 11.81 ha olmaqla ümumilikdə 251.87 hektar ərazini əhatə edir. Bu ərazidə 1-i dünya, 1-i ölkə, 218-i isə yerli əhəmiyyətli olmaqla cəmi 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur”, – deyə Həsən Seyidov qeyd edib.

O, həmçinin vurğulayıb ki, 2025-ci il 12 mart tarixində Nazirlər Kabineti tərəfindən Qoruğun Əsasnaməsi təsdiq edilib. Hazırda Qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası istiqamətində işlər aparılır.

“Qoruğun inzibati binası kimi nəzərdə tutulan “Ərbabın iş yeri” tarixi bina, Sərşəhər meydanındakı Sərşəhər Məscidi və Mədrəsə binası ilə bağlı layihələndirmə və satınalma işləri görülür. Bu abidələrin bərpası bizim əsas prioritetlərimizdəndir”, – deyə nazir vəzifələrini icra edən Həsən Seyidov əlavə edib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı