35 illik fasilədən sonra ötən il baramaçılıq Naxçıvanda yenidən bərpa olunub

35 illik fasilədən sonra ötən il baramaçılıq Naxçıvanda yenidən bərpa olunub

08 İyul 2025

Naxçıvan Muxtar Respublikasında baramaçılıq sahəsində ciddi artım müşahidə olunur. Bu il 1757 kiloqram yaş barama istehsal olunub ki, bu da ötən illə müqayisədə 17 faiz artım deməkdir. 

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili, damazlıq işi, baytarlıq xidmətləri və monitorinqi sektorunun müdiri Rübabə Hüseynzadə bildirib.

O qeyd edib ki, baramaçılıq fəaliyyəti bu il təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmayıb, digər rayonlarda da həyata keçirilib və yüksək məhsuldarlıq qeydə alınıb:

“Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərəkdə 436,2 kq, Culfada 226 kq, Şərurda 207,3 kq, Ordubadda 118,8 kq, Naxçıvan şəhərində 75,2 kq, Kəngərlidə isə 60 kq barama tədarük olunub”, - deyə mütəxəssis məlumat verib.

Ən yüksək məhsuldarlıq isə baramaçılığın bu il ilk dəfə tətbiq edildiyi Sədərək rayonunda qeydə alınıb. Dəmirçi kənd sakini Gülarə Seyidova bir qutu ipəkqurdundan 90,1 kiloqram yaş barama əldə edərək diqqət çəkib.

Rübabə Hüseynzadənin sözlərinə görə, bu sahənin inkişafı “Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində prioritet istiqamət kimi müəyyən olunub:

“Pilot layihələr hazırlanıb, tut bağları salınıb və yem bazasının formalaşdırılması istiqamətində addımlar atılıb. Bu da nəticə etibarı ilə məhsuldarlığa müsbət təsir göstərib”, - deyə o əlavə edib.

Qeyd edək ki, 35 illik fasilədən sonra ötən il baramaçılıq Naxçıvanda yenidən bərpa olunub. 

2024-cü ildə 30 qutu ipəkqurdu toxumu əsasında 1119 kiloqram barama əldə edilərək Bərdə rayonundakı baramaqurutma məntəqəsinə təhvil verilib.

Rübabə Hüseynzadə həmçinin bildirib ki, kümçülərə dövlət tərəfindən subsidiyalar verilib, barama qəbul edən şirkətlər isə ödənişləri vaxtında həyata keçiriblər. Ötən il Zərdabdan sonra ölkə üzrə ikinci ən yüksək orta məhsuldarlıq məhz Naxçıvanda qeydə alınıb.

Rübabə Hüseynzadə baramaçılığın yalnız kənd təsərrüfatı ilə məhdudlaşmadığını da bildirib:

“Baramaçılıq tekstil və sənaye sahələrinə, məşğulluğa və ekoloji sabitliyə də töhfə verir. Bu fəaliyyət qadınlar və gənclər üçün alternativ gəlir mənbəyi ola bilər. Məktəblərdə və peşə təhsil müəssisələrində öyrədilməsi vacibdir. Eyni zamanda tut bağları torpaq eroziyasının qarşısını alır və yaşıllaşdırmaya müsbət təsir göstərir”, – deyə o vurğulayıb.

Sonda isə Rübabə Hüseynzadə ipəkqurdunun həyat dövründə onu ən çox təsirləndirən mərhələni bölüşüb:

“Barama sarıma mərhələsi həm bioloji, həm də texnoloji baxımdan ən maraqlısıdır. İpəkqurdu saatlarla öz ətrafında fırlanaraq ipək sapla barama hörür. Bu proses həm vizual olaraq heyrətamizdir, həm də kümçü üçün əməyin bəhrəsinin göründüyü andır” - deyə o, bildirib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı