
Naxçıvanda bir neçə ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı bir neçə ictimai iaşə obyektində ciddi gigiyenik pozuntular aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlamalar zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən və Hüseynov Qadir Səfər oğluna məxsus “Restopub”da, Azərbaycan məhəlləsi 59 ünvanında fəaliyyət göstərən və Həsənov Murad Eldəniz oğluna məxsus “Uğurlu məkan” kafesində, həmçinin İsmayılov Məhərrəm Sabir oğluna məxsus “Uğurlu məkan” çayxanasında gigiyenik qaydalara əməl edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektlərin dövlət qeydiyyatından keçmədiyi müəyyən edilib.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək onların fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu kimi halların qarşısının alınması məqsədilə ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və onlara müvafiq qaydalarla bağlı göstərişlər təqdim olunub.