Naxçıvanda musiqi və incəsənət məktəblərinin qalibləri mükafatlandırılıb -

Naxçıvanda musiqi və incəsənət məktəblərinin qalibləri mükafatlandırılıb - FOTO

13 May 2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən Muxtar Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə mədəniyyət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, sənət adamlarına və yaradıcı gənclərə hər zaman xüsusi diqqət göstərilib.

Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında 26 musiqi təhsili müəssisəsi, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Uşaq Teatrı və Kukla Teatrı uğurla fəaliyyət göstərir. Həmin müəssisələr istedadlı uşaq və gənclərin bacarıqlarının üzə çıxarılmasına, yaradıcılıq potensialının inkişafına və milli mədəniyyətin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov isə çıxışında bildirib ki, müsabiqənin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin ifaçılıq qabiliyyətlərinin aşkarlanması və onların yaradıcı potensialının inkişaf etdirilməsidir. O qeyd edib ki, müsabiqə zamanı münsiflər heyəti tərəfindən ən uğurlu ifalar müəyyənləşdirilib.

Daha sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə həmçinin ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalında uğur qazanan, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin şagird və kollektivləri, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi”nin qalibləri də təltif ediliblər.

Sonda qalib şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.