
Naxçıvanda sertifikatlaşdırma prosesinin keçirildiyi İmtahan Mərkəzinə infotur təşkil olunub - FOTO
İyunun 18-də Naxçıvan Muxtar Respublikasında ölkə üzrə mərkəzləşmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, prosesin təşkil olunduğu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yerləşən İmtahan Mərkəzinə dövlət və ictimaiyyət, qeyri hökümət, eyni zamanda mətbuat nümayəndələrinin sertifikasiya müddətində proseslə tanış olmaları məqsədilə infotur təşkil olunub.
İnfoturda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirakçılara məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə 300-dən artıq namizəd eyni anda imtahanda iştirak edə bilir.
Mərkəzdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb.
Mərkəzdə bu günə kimi müəllimlərin sertifikatlaşdırma prosesi ilə yanaşı, müəllimlərin və məktəb direktorlarının, məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi müəllimlərinin işə qəbulu təşkil olunub.
Həmçinin mərkəzin imkanlarından Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi də istifadə edir.
Qeyd edək ki, infoturun təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərait və prosesin şəffaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti və medianı məlumatlandırmaqdır.