
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib - FOTO
Qars şəhərində Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatası və KOBİA-nın birgə təşkilatçılığı ilə baş tutan forumun əsas məqsədi Naxçıvanın biznes və investisiya potensialının tanıdılması və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qars valisi Ziya Polat, Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, KOSGEB sədr müavini Selim Serkan Ercan və digər rəsmi şəxslər çıxış edərək, regional iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Forum çərçivəsində Vüqar Abbasov və nümayəndə heyəti Qarsda bir sıra müəssisələrə səfər edib, Türkiyəli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər. KOBİA nümayəndələri isə Qarsın rəhbər şəxsləri ilə görüşərək sərhədyanı ticarət və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.