
Həsən Seyidov Culfa rayonunda vətəndaşları qəbul edib - FOTO
İyunun 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Culfa şəhərində vətəndaş qəbulu keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə nazir müavini Həsən Seyidov və Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini Sara Hüseynova Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Culfa rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 15 vətəndaş iştirak edib. Nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb, bəzi məsələlər yerində həll edilib.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.