NDU-nun Times Higher Education Impact Rankings 2025-də göstəriciləri əhəmiyyətli dərəcədə irəliləyib

NDU-nun Times Higher Education Impact Rankings 2025-də göstəriciləri əhəmiyyətli dərəcədə irəliləyib

18 İyun 2025

Naxçıvan Dövlət Universiteti (NDU) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən əvvəlki illə müqayisədə öz mövqeyini qlobal miqyasda əhəmiyyətli dərəcədə gücləndirib. Nəzərə çatdıraq ki, 2024-cü ildə bu reytinqdə 1904 ali təhsil müəssisəsi iştirak edirdisə, 2025-ci ildə bu say 2318-ə çatıb. Bu isə beynəlxalq rəqabətin daha da artdığını göstərir və belə bir mühitdə NDU-nun nəticələrini həm bal, həm də sıralamada yaxşılaşdırması onun dayanıqlı inkişaf sahəsində atdığı real və ölçülə bilən addımların sübutudur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci ildə universitet bir sıra Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək nəticələr göstərərək sıralama intervallarında irəliləyib. Aşağıda qeyd olunan sahələrdə nəzərəçarpacaq dəyişikliklər olub.

• DİM 4 – Keyfiyyətli təhsil (Quality Education):

Sıralama 601–800 aralığında sabit qalıb.

Ümumi iştirakçı sayı: 1975 universitet.

Bal: 51.1. Bu göstərici universitetin tədris keyfiyyətində sabitlik nümayiş etdirdiyini göstərir.

• DİM 7 – Təmiz və sərfəli enerji (Affordable and Clean Energy):

2024-cü ildə 601–800, 2025-ci ildə isə 401–600 aralığında yerləşmişdir.

Ümumi iştirakçı sayı: 1181 universitet.

Bal: 47.1. Bu irəliləyiş universitetin enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqində inkişafını əks etdirir.

• DİM 10 – Bərabərsizliyin azaldılması (Reduced Inequalities):

2024-cü ildə 601–800, 2025-ci ildə isə 401–600 aralığında qərarlaşıb.

Ümumi iştirakçı sayı: 1261 universitet.

Bal: 50.8. Bu nəticə sosial bərabərliyin təmin olunması istiqamətində aparılan işlərin effektivliyini göstərir.

• DİM 17 – Məqsədlər üçün tərəfdaşlıq (Partnership for the Goals):

2024-cü ildə 1501+, 2025-ci ildə isə 801–1000 aralığına yüksəlib.

Ümumi iştirakçı sayı: 2389 universitet.

Bal: 59.2. Bu sahədə ciddi sıçrayış universitetin beynəlxalq əməkdaşlıqlara və hesabatlılığa verdiyi önəmi göstərir.

• DİM 2 – Aclığa son (Zero Hunger):

Hər iki ildə 401–600 aralığında yer alıb, lakin bal göstəricisi 33.88-dən 43.6-ya yüksəlib.

Ümumi iştirakçı sayı: 955 universitet.

Bu sahədə mövqeyi qorumaq rəqabətli şəraitdə sabit performansı göstərir.

Ümumi bal göstəriciləri də artım nümayiş etdirir:

NDU-nun orta SDG balı 2024-cü ildə 42.2, 2025-ci ildə isə 49.6 olmuşdur. Bu, 17%-dən çox artım deməkdir və universitetin dayanıqlı inkişaf üzrə fəaliyyətlərinin sistemli şəkildə inkişaf etdiyini göstərir.

Aşağıdakı SDG-lər üzrə bal dəyişiklikləri xüsusilə diqqətəlayiqdir:

• DİM 2 – Aclığa son: 33.88 → 43.6

• DİM 3 – Sağlam həyat: 42.67 → 43.2

• DİM 4 – Keyfiyyətli təhsil: 57.58 → 51.1

• DİM 7 – Təmiz enerji: 40.62 → 47.1

• DİM 10 – Bərabərsizlik: 52.73 → 50.8

• DİM 17 – Tərəfdaşlıq: 17.65 → 59.2

Məlumat üçün qeyd edək ki, “THE Impact Rankings” reytinqi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini obyektiv meyarlarla qiymətləndirir. Bu sistem universitetlərin tədqiqat, idarəetmə, sosial təsir və ictimai iştirak üzrə fəaliyyətlərini nəzərə alaraq onların dayanıqlı inkişaf səylərini beynəlxalq səviyyədə dəyərləndirir.