
Şahbuzda Konstitusiya və Suverenlik İli çərçivəsində tədbir keçirilib - FOTO
Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, daha sonra Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev açıb. Muxtar Respublika Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Ombudsman təsisatının əməkdaşı Samir Tarverdiyev, NDU-nun əməkdaşı Əziz Qasımov, rayon prokurorluğunun əməkdaşı Yaqub Salamzadə və YAP-ın Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov çıxış edərək Konstitusiyanın əhəmiyyətindən danışıblar.
Sonda “Dövlətin əsasları” filmi nümayiş olunub.