Möminə Xatun türbəsində bərpa və konservasiya işləri davam etdirilir - FOTO
Möminə Xatun türbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına aparılan bərpa və konservasiya işləri davam etdirilir. Hazırda türbə ətrafında metal konstruksiyalar quraşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aparılan işlərin icrası üçün Avstriyanın “Tralsmauer Gerüstbau GmbH” şirkətinin rəhbəri Mustafa Ərdoğan və şirkətin mütəxəssisləri Naxçıvana gəliblər.
Məlumat üçün bildirək ki, abidədə bərpa və konservasiya işlərinin həyata keçirilməsi məqsədilə Avstriyanın Atelier Erich Pummer GmbH şirkəti ilə müqavilə imzalanıb. Ötən il şirkətin mütəxəssisləri Naxçıvana gələrək ərazidə ilkin infrastrukturun qurulmasına başlayıblar. İlkin mərhələdə ərazidə hasarlanma işləri aparılıb, kommunikasiya xətləri çəkilib, həmçinin qrunt sularının yaratdığı problemlərin araşdırılması istiqamətində texniki tədqiqatlar həyata keçirilib.
Qeyd edək ki, 2026-cı ildə də Möminə Xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon 566 min manat vəsait ayrılıb.
Abidənin bərpası və konservasiyası ölkəmizdə elan edilən şəhərsalma və memarlıq ili çərçivəsində həyata keçirilən ən böyük və əhəmiyyətli layihələrdən biri hesab olunur.









