Naxçıvan şəhərində niyə çinar ağacları əkilir? -

Naxçıvan şəhərində niyə çinar ağacları əkilir? - Mütəxəssis açıqlaması

04 Aprel 2025

Naxçıvan şəhərində son illərdə geniş vüsət alan yaşıllaşdırma işləri çərçivəsində Xan çinarı ağaclarının əkilməsi xüsusi önəm daşıyır.

Naxçıvan şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu Səyahət İmanovun "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasına görə, bu ağaclar həm şəhər estetikasını zənginləşdirir, həm də ekoloji baxımdan ciddi fayda verir.

“Xan çinarı ağacı (Platanus orientalis) qədim dövrlərdən bəri Azərbaycan təbiətinin bir parçasıdır. Naxçıvan kimi quraq və yarımsəhra iqliminin hakim olduğu bölgələrdə bu ağac həm dayanıqlılığı, həm də torpaq-yelə qarşı müqaviməti ilə seçilir,” – deyə baş aqronom bildirib.

İqlimə uyğunluq məsələsinə toxunan Səyahət İmanov qeyd edib ki, Naxçıvanda çinar ağacının əkilməsi təsadüfi seçim deyil: “Bu ağaclar istiyə və quraqlığa davamlıdır. Eyni zamanda dərin kök sistemi sayəsində yeraltı sulara asanlıqla çata bilir və bu da onların uzunömürlülüyünü təmin edir. Naxçıvanın qumlu-torpaqlı strukturu və yaz-yay aylarında davam edən isti, quru hava şəraiti Xan çinarı üçün ideal sayılır.”

Çinar ağacının şəhər mühitinə verdiyi töhfələrdən danışan aqronom əlavə edib: “Bu ağaclar yay aylarında sıx kölgəlik yaradır, havanın temperaturunu azaldır, tozun və qazların qarşısını alır. Eyni zamanda estetik görüntüsü ilə də şəhərimizin simasına xüsusi yaraşıq verir. Bu gün Naxçıvan şəhərində park və xiyabanlarda, eləcə də prospektlər boyunca Xan çinarları əhəmiyyətli yer tutur.”

Səyahət İmanovun sözlərinə görə, çinar ağacları uzunömürlü olması ilə də seçilir:

“Bu gün Naxçıvanda 50-100 il yaşı olan çinarlar var və onlar hələ də sağlam şəkildə inkişaf edir. Bu, həm ekoloji sabitliyin qorunması, həm də gələcək nəsillərə sağlam təbiət miras qoyulması baxımından önəmlidir.”

Qeyd edək ki, Naxçıvan şəhərində həyata keçirilən yaşıllaşdırma proqramları çərçivəsində il ərzində Xan çinarı tingi əkilir.

Bu proses həm ətraf mühitin qorunması, həm də şəhərin ekoloji və estetik simasının müasirləşdirilməsi məqsədi daşıyır.