
15 İyun - Milli Qurtuluşun və birliyin günü
Tarix dəfələrlə sübut edib ki, ən böyük qələbələr döyüş meydanında deyil, diplomatiya masasında qazanılır. Buna yaxından bələd olmaq üçün yaxın keçmiş bizə ən yaxşı bələdçidir. Məhz 4 il öncə bu gün- 15 iyun 2021-ci il tarixi bir zəfərin fonunda imzalanan, Cənubi Qafqazda yeni geosiyasi reallığın hüquqi çərçivələrini müəyyən edən, dünənin təcrübəsi, bu günün təntənəsi və gələcəyin məğrurluğunu özündə cəm edən Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi tarixdə öz layiqli yerini aldı.
Şuşa Bəyannaməsinin imzalandığı tarix də, məkan da təsadüfi deyildi. Ulu Öndərin əsasını qoyduğu müasir dövlətçilik yolunun başladığı 15 iyun Azərbaycan xalqını öz taleyinə sahib çıxdığı, dövlətçiliyini bərpa etdiyi, müstəqillik zirvəsinə qaldırdığı qurtuluşa aparan şərəfli dövlətçilik yolu idi. Şuşa isə öz məğrurluğu, düşmənə baş əyməyən vüqarlı dağları, səmasında şux muğamı, sinəsində xarıbülbülü, uca yamaclarında tarixi, hər daşında, hər qayasında qəhrəman Azərbaycan oğullarının qanı olan, tarixi Zəfərin simvoluna çevrilmiş müqəddəs mədəniyyət ocağı idi. Məhz, bu iki amil Şuşa Bəyannaməsini sadəcə diplomatik sənəd deyil, iki qardaş dövlətin tarix qarşısında içdiyi sarsılmaz and, gələcək nəsillərə ünvanladığı milli birlik çağırışı kimi tarixə qızıl hərflərlə yazırdı.
Məlumdur ki, 44 günlük Şanlı Vətən Müharibəsinin yaratdığı yeni reallıq sadəcə hərb meydanında deyil, bütün regionda köklü dəyişikliklərə gətirib çıxardı. Bu dəyişikliklərin fonunda Şuşa Bəyannaməsi Şanlı Zəfərimizin diplomatik cəbhədəki davamı oldu. Sözün əsl mənasında, bu sənəd “Bir millət, iki dövlət” fəlsəfəsinin diplomatik manifesti idi. Uzun illərin sınaqlarından keçmiş dostluq və qardaşlıq münasibətlərinin bu bəyannamə ilə yalnız ortaq tarix və mədəniyyətlə deyil, həmçinin beynəlxalq hüquq və geosiyasi maraqlar səviyyəsində qorunacaq möhkəm bünövrəsinin əsası qoyuldu.
Şuşa Bəyannaməsi yalnız bu günün yox, sabahın sənədi oldu. O sənəd dövlətçiliyimiz üçün dayaq, gənc nəsillər üçün ümid, tarix üçün ədalət, mədəniyyət üçün əbədiyyət simvoluna çevrildi. Çünki, “Bir millət, iki dövlət” fəlsəfəsi təkcə yollar çəkmək, sərhədləri qorumaq yox, dəyərləri yaşatmaq, milli kimliyi qorumaq, dili, sözü, duanı bir saxlamaqdır. Şuşa Bəyannaməsi isə bu fəlsəfənin ən parlaq nümunəsi kimi dostluğun və qardaşlığın təntənəsidir.
15 iyun 2021-ci il tarixdə Şuşa Bəyannaməsinin imzalanması iki tarixi bir-birinə əbədiyyən bağladı-biri bizi xilas etdi, digəri isə bizi birləşdirdi. Şuşa Bəyannaməsi yüzlərlə səhifədən çox danışdı. O, bir millətin qələbə sevincini də, Zəngəzurdan Naxçıvana uzanan həsrət harayını da, Bakı ilə qucaqlaşacaq Anadolu torpağını da, bir çinar kimi kökləri Altayda, budaqları Aralıq dənizində olan Türk Dünyasını da öz sətirləri arasına sığdıra bildi. Beləliklə, 15 iyun Qurtuluşun və Birliyin günü oldu. Bir xalqın qayıdışdan başlayan, qurtuluşla yoğrulan, zəfərlə möhürlənən, müttəfiqliklə möhkəmlənən şanlı bir günü...
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri