Xilaskarlıq missiyası -

Xilaskarlıq missiyası - Qafar Qərib yazır

14 İyun 2025

Azərbaycanın müasir tarixinin bir qərinədən artıq dövrü müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan dövlətçiliyi tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi birmənalı şəkildə qəbul edilir. Ulu öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər salarkən aydın olur ki, ulu öndərin genişmiqyaslı fəaliyyətində xilaskarlıq missiyası xüsusi mərhələ təşkil edir. Hələ ötən yüzilliyin 60-cı illərində Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini və sədri kimi açıqfikirli Azərbaycan ziyalılarının təqib olunmasına və həbs edilməsinə mane olan, onları qoruyan ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Sovet İttifaqına daxil olan 15 müttəfiq respublika sırasında axırıncı yerlərdən birini tutan ölkəmizi durğunluqdan, ətalətdən, gerilikdən xilas etdi, respublikamızı əsl inkişaf yoluna çıxartdı. Dahi şəxsiyyət o zaman ölkədə başlanan milli oyanışın başında durmaqla bu sahədə xidmətləri olan ziyalıları da himayə etdi, təqiblərdən, həbslərdən qorudu. Bu mənada, ХХ əsrin 70-80-ci illəri Azərbaycanımızın çiçəkləndiyi, inkişaf və tərəqqi yolunda inamla irəlilədiyi şərəfli bir dövr olmuşdur.

 SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyevin 1987-ci ilin oktyabr ayında vəzifədən istefa verməsi ilə Azərbaycanın ağrılı-acılı günləri başladı. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra ümummilli lider Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, Moskvadan Bakıya gəldi. Ancaq o vaxtkı rəhbərlik onun Bakıda yaşamasına imkan vermədi. Ona görə də ulu öndər doğulub boya-başa çatdığı doğma Naxçıvana qayıtdı. 1990-cı il iyulun 22-də muxtar respublikamıza qayıdan ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında təxminən 100 min naxçıvanlı ilə görüşü bu görkəmli şəxsiyyətin Vətəninin məşəqqətli, böhranlı və taleyüklü günlərində vətənlə, xalqla bir yerdə olmaq iradəsinin ifadəsi idi. Onun qayıdışı Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi, Heydər Əliyev isə Naxçıvanı qorudu. 

 1990-cı ilin sentyabr seçkilərində öz böyük oğlunu Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçməklə xalq illərdən bəri tapdalanan mənafeyini və taleyini yenidən dahi rəhbər Heydər Əliyevə həvalə etdi. Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın və bariz sübutu idi.

 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidi, xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə Ali Məclisin sədri seçilən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Sessiyanın keçirildiyi ərəfədə istər Azərbaycanda, istərsə də Naxçıvanda yaranmış gərgin vəziyyətdə xalqı yalnız dahi siyasətçi Heydər Əliyev birləşdirə, muxtar respublikanı düşmüş olduğu böhrandan yalnız о çıxara bilərdi. Onun Ali Məclisin sədri vəzifəsində çalışdığı illər bu həqiqətin bariz ifadəsi oldu.

1990-1993-cü illərdə – ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə, ulu öndərin özünün sözləri ilə desək, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladan, “olum, ya ölüm” dilemması qarşısında qalan, blokada şəraitində yaşayan, Azərbaycan rəhbərlərinin heç bir yardım etmədiyi Naxçıvan Muxtar Respublikasını erməni işğalından, əhalini aclıqdan, səfalətdən, soyuqdan, didərgin və qaçqın düşməkdən məhz ulu öndər xilas etdi. Lakin onun Naxçıvan Muxtar Respublikası Аli Məclisinin sədri kimi müstəqilliyimizin qorunub saxlanılmasına yönəlmiş fəaliyyəti, dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi respublikanın о vaxtkı naşı rəhbərləri tərəfindən siyasi qısqanclıqla qarşılanırdı. Hətta o zamankı oyuncaq siyasətçilərin məkrli niyyətləri о dərəcəyə çatmışdı ki, onların bəziləri Naxçıvanın mühüm tarixi-coğrafi və siyasi amillərlə bağlı olan muxtariyyətini ləğv etmək təklifi ilə çıxış edirdilər. 

 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan zaman kəsiyində hakimiyyət uğrunda gedən çəkişmələr, vəzifə kreslolarının xalqın razılığı olmadan mənimsənilməsi, özbaşınalıq və dərəbəylik, dəstəbazlıq, cinayətkarlığın artması torpaqlarımızın ermənilər tərəfindən işğalı və ölkədə bir milyonluq qaçqın və köçkün ordusunun yaranması ilə nəticələndi. 1993-cü il iyunun 4-də ölkədə yaranmış siyasi böhran şəraitində Gəncədə iqtidar əleyhinə qiyam baş verdi və qardaş qanı töküldü. Vətənin belə ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya, daha sonra isə Gəncəyə getdi, yaranmış vəziyyətlə yerində tanış oldu. Ulu öndər Heydər Əliyev qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də keçirilən fövqəladə sessiyada Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 

 Həmin tarixi gündən, 15 iyundan etibarən ulu öndər Azərbaycanın qurtuluşu naminə xilaskarlıq missiyasına başladı. Qurtuluş mübarizəsinə, xilaskarlıq missiyasına başlayan ulu öndərin qarşısında çox ağır, çətin və mürəkkəb vəzifə dururdu. Dövlət parçalanmaqda, dövlətçilik itirilməkdə, torpaqlarımız ermənilər tərəfindən işğal edilməkdə idi. Məhz belə bir ağır dövrdə, ikinci dəfə hakimiyyətə qayıdışından təxminən 2 ay sonra “Sobesednik” qəzetinin müxbiri ilə 1993-cü ilin avqustunda baş tutan müsahibəsində ona verilən “Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?” – sualına ümummilli lider belə cavab vermişdi: “Bugünkü vəzifəni tutmaq arzusunda deyildim. Hakimiyyətin ləzzətini görmüşəm – düşünüldüyü qədər şirin deyil. Bəzilərinə elə gəlir ki, yenidən bu ləzzəti dadmaq istəmişəm. İstəmirəm. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Bu dəhşətli anda hər şeyi atıb getmək, adamlara xəyanət etmək deməkdir”. 

 Göründüyü kimi, ölkədə vəziyyət nə qədər ağır olsa da, ulu öndər hakimiyyətdən getməyi, başqa sözlə desək, çətin anda meydandan qaçmağı xalqa xəyanət kimi qiymətləndirmiş və özünün dəfələrlə vurğuladığı kimi, həyatı bahasına olsa da, bilik və zəngin təcrübəsinə, xalqın köməyinə arxalanaraq bu çətin işin öhdəsindən şərəflə gəlmişdi. Milli Məclisin 1997-ci il iyunun 27-də keçirilən və 15 iyun tarixini “Milli Qurtuluş Günü” elan edən tarixi sessiyanın qərarında bu haqda belə deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun Müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”. 

 Azərbaycanın parçalanmasında, cırtdan dövlətlərə bölünməsində maraqlı olan bəzi dövlətlər tərəfindən şirnikləşdirilən separatçı qüvvələrin baş qaldırdığı bir vaxtda hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ondan əvvəl Azərbaycana rəhbərlik edən və ona bu cür ağır miras buraxan naşı, səriştəsiz rəhbərlərdən fərqli olaraq səbir və təmkinlə vəziyyəti qaydaya salmağa, işləri yoluna qoymağa başladı. Bu işdə ona daim arxalandığı, güvəndiyi Azərbaycan xalqı dayaq durdu, kömək etdi. “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev” birliyi öz sözünü dedi. Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası daxilində dövlətçiliyimiz üçün təhlükə törədən bütün qüvvələrin qarşısını qətiyyətlə aldı, onları və onların rəhbərlik etdiyi silahlı birləşmələri zərərsizləşdirdi, özünün xilaskarlıq missiyasını şərəflə başa çatdırdı və Azərbaycanın ən yeni dövr tarixinə qurtuluş mübarizəsinin, böyük qurtuluşun qalibi kimi daxil oldu. Məhz bundan sonra ulu öndər Heydər Əliyev hüquqi, iqtisadi və demokratik sahədə islahatlar proqramının həyata keçirilməsinə start verdi. Azərbaycanı yenidən qurdu, yaratdı, inkişaf etdirdi və mükəmməl bir dövlət kimi xalqa bəxş etdi. 

 Xalqımız 2003-cü ildə və ondan sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərində ulu öndərimizin ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi dövlət başçısı seçməklə “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev” vəhdətini bir daha təsdiqləmiş oldu. Hazırda cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin hər bir ayı, hər bir günü ümummilli liderimiz Heydər Əliyevin şah əsəri, bügünkü və gələcək nəsillərə tarixi əmanəti olan müstəqil Azərbaycanın inkişafı naminə konseptual siyasətinə, milli dövlətçilik ideologiyası olan Azərbaycançılıq məfkurəsinə yeni-yeni uğurlu çalarlar gətirməkdədir. İşğal altında olan torpaqlarını düşməndən azad edərək suverenliyini bərpa edən Azərbaycan bu gün yerləşdiyi bölgədə nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması artıq ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Xalqımız əmindir ki, müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyaları işığında daha yüksək zirvələr fəth edəcək.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı