
Ombudsman və aparatın əməkdaşları beynəlxalq simpoziumda iştirak edib - FOTO
İyunun 18-də "Konstitusiya və Suverenlik İli" və 18 iyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: Ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Bakı şəhərində keçirilən simpoziumda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və aparatın əməkdaşları, həmçinin dünyanın müxtəlif ölkələrinin ombudsmanları, milli insan hüquqları institutlarının rəhbərləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, millət vəkilləri, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
Simpozium çərçivəsində müasir idarəetmədə şəffaflığın, hesabatlılığın və hüququn aliliyinin təşviqində ombudsmanların rolu mövzusunda müsbət təcrübə mübadiləsi aparılıb və ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar barədə geniş məlumat verilib.
Daha sonra simpozium panel sessiyalar formatında davam edib, mövzu ilə bağlı çıxışlar dinlənilib, ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılıb.
