
Azərbaycan mədəniyyətinin yenidən təşkkül tapdığı tarix: 15 iyun
Azərbaycan xalqı üçün 15 İyun — Milli Qurtuluş Günü təkcə bir tarix deyil, həm də dövlətçiliyin bərpası, sabitliyin təmin olunması və müstəqil inkişaf yolunun başlanğıcıdır. Bu gün, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan öz fəlakətli dağılma təhlükəsindən xilas oldu.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti ilk illərdə ciddi daxili və xarici təzyiqlərlə üz-üzə qaldı. Ölkədə siyasi qeyri-sabitlik, silahlı qarşıdurmalar, separatizm cəhdləri, iqtisadi böhran və rəhbərliyin qərarsızlığı nəticəsində müstəqillik təhlükə altına düşmüşdü. 1993-cü ilin iyununda isə Gəncədə baş verən qiyam və ölkədəki xaos vəziyyəti vətəndaş müharibəsi həddinə gətirib çıxardı.
Belə bir kritik məqamda xalqın istəyi və dəvəti ilə Heydər Əliyev Naxçıvandan Bakıya gələrək Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarixi dönüş nöqtəsi idi — ölkədə sabitlik və əmin-amanlıq bərpa olunmağa başladı. Milli dövlət quruculuğu prosesinə start verildi, hüquqi və demokratik əsaslar formalaşdı, iqtisadi islahatlar həyata keçirildi.
Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş, sabit dövlət kimi tanındı. 15 İyunun mahiyyəti də məhz bundadır — bu gün müstəqil Azərbaycanın xilası, suverenliyinin qorunması və gələcək inkişafının təməlidir.
Bu gün həm də Azərbaycan mədəniyyətinin məhv olmaqdan xilas olunduğu gündür. Çünki parçalanma həddində olan bir ölkənin təbii ki, mədəniyyəti və milli dəyərlərinin varlığı da təhlükə altına düşə bilərdi. Lakin 15 İyundan sonra mədəniyyətimiz və incəsənətimiz daha sürətlə və müasir dünyanın tələblərinə uyğun, milli köklərə söykənərək sürətlə tərəqqiyə nail oldu. Bunun arxasında isə Heydər Əliyev fenomeni dayanır. Hamıya yaxşı mıəlumdur ki, Heydər Əliyev Azərbaycanın milli dövlətçiliyinin qurucularından biri olmaqla yanaşı, xalqımızın mədəni irsinə xüsusi önəm verən böyük dövlət xadimi olmuşdur. Onun fəaliyyəti dövründə milli-mədəni dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
Heydər Əliyev mədəniyyəti bir millətin kimliyini formalaşdıran əsas amillərdən biri kimi qiymətləndirirdi. O, dəfələrlə qeyd edirdi ki, “mədəniyyət hər bir xalqın varlığının, tarixinin, onun mənəviyyatının ifadəsidir”. Bu baxış bucağı ilə Heydər Əliyev Azərbaycanın zəngin mədəniyyətinə sistemli yanaşma gətirdi və bu sahəyə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşdı.
1970–1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox mədəniyyət ocaqları yaradıldı və ya yenidən quruldu. Azərbaycan Dövlət Filarmoniyası, Musiqi Akademiyası, Milli İncəsənət Muzeyi və digər müəssisələr onun təşəbbüsü ilə yenidən qurularaq xalqın istifadəsinə verildi. Eyni zamanda, Azərbaycan mədəniyyətinin inciləri — muğam, xalçaçılıq, xalq rəqsləri və aşıq sənəti — qorunub inkişaf etdirildi.
Heydər Əliyev xalq sənətkarlarına, yazıçılara, şairlərə, bəstəkarlara və aktyorlara hər zaman böyük hörmətlə yanaşırdı. Onun rəhbərliyi dövründə bir çox sənət adamları fəxri adlara, dövlət mükafatlarına layiq görüldü. O, həmçinin gənc istedadların üzə çıxarılması və onların dəstəklənməsi üçün xüsusi proqramlar həyata keçirdi.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, Heydər Əliyev mədəniyyət sahəsində islahatlara daha da dərinləşdi. O, mədəniyyətin müstəqil Azərbaycanın simvolik sütunlarından biri olduğunu bəyan etdi və bu sahənin inkişafı üçün dövlət səviyyəsində proqramlar təsdiq olundu. Azərbaycanın mədəniyyətinin UNESCO və digər beynəlxalq qurumlar tərəfindən tanınmasında da onun müstəsna rolu olmuşdur.
Heydər Əliyevin mədəniyyətə verdiyi dəyər bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Onun əsasını qoyduğu mədəniyyət siyasəti Azərbaycan xalqının milli kimliyini qorumaqla yanaşı, onu dünya səviyyəsində tanıtmaq istiqamətində böyük imkanlar yaratmışdır.
Heydər Əliyev təkcə Azərbaycanın ümummilli lideri deyil, həm də Naxçıvanın inkişafına və bu qədim diyarın mədəni irsinin qorunmasına xüsusi qayğı göstərmiş böyük dövlət xadimidir. O, Naxçıvanı Azərbaycanın milli dəyərlərinin beşiyi kimi qiymətləndirərək bu regionun mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm addımlar atmışdır.
Naxçıvan qədim tarixə, zəngin mədəni irsə və müstəqil düşüncə ənənələrinə malik bir diyardır. Heydər Əliyev bu torpağın mənəvi və strateji əhəmiyyətini dərindən dərk edir, burada mədəniyyətin inkişafını dövlət quruculuğu ilə yanaşı mühüm vəzifə kimi qəbul edirdi. O, xüsusilə 1990-cı illərin əvvəllərində, Azərbaycan ağır siyasi və iqtisadi sınaqlarla üz-üzə qaldığı dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərərək həm regionun sabitliyini təmin etdi, həm də mədəni irsin qorunmasına xüsusi diqqət yetirdi.
Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda bir çox tarixi abidələr bərpa edildi, muzeylər, kitabxanalar, mədəniyyət evləri fəaliyyətini genişləndirdi. Onun rəhbərliyi ilə milli-mənəvi irsin tədqiqi və təbliği məqsədilə müxtəlif elmi-mədəni tədbirlər keçirildi. Bu tədbirlər yalnız region daxilində deyil, ümumilikdə Azərbaycanın mədəni həyatında mühüm rol oynadı.
Naxçıvanda yerləşən Möminə Xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi, Gülüstan türbəsi kimi memarlıq abidələrinin qorunması və beynəlxalq səviyyədə tanıdılması Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. O, bu abidələri Azərbaycan xalqının tarixini və estetik dünyagörüşünü əks etdirən milli sərvətlər kimi dəyərləndirirdi.
Heydər Əliyev Naxçıvanı yalnız coğrafi deyil, mənəvi olaraq da Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və daim bu bölgəyə xüsusi münasibət bəsləyirdi.
Bu gün də onun müəyyənləşdirdiyi strateji kurs nəticəsində Naxçıvanda mədəniyyət sahəsi sürətlə inkişaf edir, tarixi abidələr bərpa olunur, yeni muzeylər, kitabxanalar və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bu isə bir daha sübut edir ki, Heydər Əliyevin qoyduğu mədəni irs siyasəti yaşayır və inkişaf edir.
Rza XUDUYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti