Abasət Nuriyev: Cəmşid Naxçıvanski Muzeyi Naxçıvanskilər irsinin qorunması və təbliğində mühüm rol oynayır

Abasət Nuriyev: Cəmşid Naxçıvanski Muzeyi Naxçıvanskilər irsinin qorunması və təbliğində mühüm rol oynayır

10 Avqust 2025

Cəmşid Naxçıvanski Muzeyi 44 illik fəaliyyəti ərzində milli hərb tariximizin flaqmanı, general-mayor Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirərək Naxçıvanskilər irsini qoruyur, sistemli şəkildə qeydiyyata alır və gələcək nəsillərə ötürür. 

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində muzeyin direktoru Abasət Nuriyev bildirib.

Onun sözlərinə görə, muzey Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. 1971-ci ildə generalın xatirəsi əbədiləşdirilib, 1981-ci ildə isə onun Naxçıvanda yerləşən ata evi muzey kimi fəaliyyətə başlayıb. Heydər Əliyev 1990-cı ildə Naxçıvana qayıtdıqdan sonra ilk ziyarət etdiyi məkanlardan biri də məhz bu muzey olub.

Abasət Nuriyev qeyd edib ki, muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordu quruculuğundakı əvəzsiz rolu, Birinci Dünya Müharibəsindəki döyüş yolu, Sovet hakimiyyəti illərindəki hərbi-pedaqoji fəaliyyəti və 1930-cu illərin repressiyaları barədə əhatəli materiallar qorunur və təbliğ edilir. Burada generalın şəxsi əşyaları, sənədləri, fotoşəkilləri, ailəsinə aid nadir xalça nümunələri saxlanılır. Hazırda muzey fonduna 5 550-dən çox maddi mədəniyyət nümunəsi daxildir ki, onlardan 635-i ekspozisiya zalında sərgilənir.

Müstəqillik illərində muzey iki dəfə – 1998 və 2019-cu illərdə əsaslı təmir və bərpadan keçib. Xüsusilə müstəqillik dövründə milli soy-kökə və mənəvi dəyərlərə dönüş muzeyin fəaliyyət istiqamətini müəyyən edib. Bu çərçivədə Araz-Türk Respublikası haqqında yeni ekspozisiya zalı yaradılıb və burada həmin dövrün elmi-tarixi materialları, qurucuların həyat hekayələri, fotoşəkillər və sənədlər nümayiş etdirilir.

Muzey yalnız eksponatların qorunması ilə kifayətlənmir, həm də gənclərdə hərbi-vətənpərvərlik ruhunun formalaşmasına xüsusi önəm verir. Müasir informasiya texnologiyalarından geniş istifadə edilir, sənədli film çəkilişlərinə ev sahibliyi olunur və fəaliyyət KİV vasitəsilə işıqlandırılır.

Bundan əlavə, muzey Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edir, Naxçıvan Dövlət Universiteti və hərbi təhsil müəssisələrinin tələbələri üçün istehsalat təcrübəsi mərkəzi kimi fəaliyyət göstərir.

Sonda Abasət Nuriyev vurğulayıb: “Milli irsin qorunması və təbliği istiqamətində işlər gələcəkdə də yüksək səviyyədə davam etdiriləcək, fəaliyyət müasir tələblərə uyğun qurulacaqdır”.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı