AMEA-nın 80 illiyi AMEA Naxçıvan Bölməsində qeyd olunub -

AMEA-nın 80 illiyi AMEA Naxçıvan Bölməsində qeyd olunub - FOTO

14 İyun 2025

Bu mübasibətlə təşkil olunan elmi sessiyanı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  giriş sözü ilə açıb. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan cəmiyyətinin elmi-mədəni mühitinə, ictimai-siyasi həyatına, kadr hazırlığına, cəmiyyətin elmi potensialının artırılmasına göstərdiyi xidmətlərdən söz açıb. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli elmi sessiyada “Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf yolu və müasir dövr” mövzusunda məruzə edib. Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, müxtəlif bölgələrimizdə açılan yeni şöbələrin fəaliyyəti, suni intellektin elmə olan təsiri kimi məsələlərə toxunub. Türkologiya, Qərbi Azərbaycan, Qarabağ müharibəsi məsələlərindən ətraflı söz açıb. Sonda Prezident İlham Əliyevə Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi qayğı və etimada görə təşəkkürlərini bildirib. 

Çıxışının sonunda akademik İsa Həbibbəyli AMEA Naxçıvan Bölməsinə azərbaycançılıq və elm fəlsəfəsinin əks olunduğu tablo, Azərbaycan Milli Elmlər Akademiyası Elektron Kitabxanasının  limitsiz istifadə üçün oxucu kartı, “Azərbaycan Milli Elmlər Akademiyası.Simalar” (ikicilddə) kitablarını, AMEA-nın saatını hədiyyə edib. 

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev və professor Vəli Baxşəliyev, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tarıyel Talıbov çıxışlarında AMEA-nın inkişafından, Prezident İlham Əliyevin elmə göstərdiyi qayğıdan, rəhbərlik etdikləri qurumlarda elmi fəaliyyətin təşkilindən, suni intellektin elmə tətbiqindən bəhs ediblər və AMEA əməkdaşlarına təbriklərini çatdırıblar. 

Elmi sessiyaya akademikİsmayıl Hacıyev yekun vurub

 Sonda xatirə şəkli çəkilib.