
Elxan Nəcəfov: Naxçıvanda yeni məktəblərin və uşaq bağçalarının tikintisi planlaşdırılır
"Növbəti illər üçün Naxçıvanda yeni məktəblərin açılışı nəzərdə tutulur. Artıq Hacıvar məktəbinin tikintisini sentyabr ayında tamamlayacağıq. Babək rayonunun Nehrəm qəsəbəsində yarımçıq qalmış məktəbin tamamlanması işləri davam edir. Qıvraq qəsəbəsində yeni məktəbin layihələndirilməsi işləri aparılır. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. Nazir bildirib ki, gələn il üçün əsas strategiyamız şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq: "Artıq son iki il ərzində Naxçıvan Təhsil Nazirliyi olaraq təsis etdiyimiz olimpiadaların nəticəsində istedad bankımızı formalaşdıra bilmişik. Ötən il formalaşdırılmış STEAM Mərkəzinin tərkibində olimpiada istiqamətində ayrıca bir mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda şagird nailiyyətlərinin artırılması üçün müəllim hazırlıqlarına da xüsusi diqqət ayırmağı ev tapşırığı olaraq müəyyən etmişik. Müəllimlərimizə dəstək olmaq, onlara peşəkar istiqamətdə dayaq vermək bizim vəzifəmizdir. Əlavə olaraq, muxtar respublikada artıq tədris ilinin sonudur və yeni tədris ilinə hazırlıq prosesi ölkə miqyasında olduğu kimi burada da davam edir. Bildiyiniz kimi, sertifikasiya və müəllimlərin işə qəbulu bizim prioritet istiqamətlərimizdəndir. Ötən il əldə etdiyimiz təcrübəni əsas götürərək bu il bu prosesi daha uğurlu və məqsədyönlü şəkildə yekunlaşdıra biləcəyik".
Təhsil naziri qeyd edib ki, artıq müəllimlər üçün vakansiya da elan edilib: "Şübhəsiz ki, müəllimlərin işə qəbulu imtahanı nəticəsində məktəblərimizə yeni gənc kadrların gəlməsi üçün şərait yaranacaq. Artıq 600-ə yaxın mövcud vakansiya elan olunub, bu vakansiyalar ictimaiyyətə təqdim edilib və yeni vakansiyalar yarandıqca elan ediləcək. Təhsil Nazirliyi olaraq, ümumilikdə, muxtar respublikanın ölkə rəhbərliyinin təhsil siyasətinə dəstəyini və icra planımızda Dövlət Proqramında nəzərdə tutduğumuz istiqamətləri qeyd edə bilərik. Məktəbəqədər təhsil, məktəbdən sonrakı təhsil, məktəblərimizin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı qarşımızda çox ciddi öhdəliklər var".
Elxan Nəcəfov "Son zəng" günü münasibətilə məzunları da təbrik edib: "Bütün təhsil işçiləri bilir ki, bu gün təhsil həyatında ən mənalı gündür. Ən əsası, təhsilin əsas göstəriciləri olan şagirdlər – məzunlarımızla bağlıdır. Onlar məktəb həyatından daha peşəkar həyata və ya təhsillərinin davamlılığı baxımından digər mərhələyə qədəm qoyurlar. Bu gün ölkədə yüz minlərlə məzun var, muxtar respublikada isə 4 minə yaxın məzunumuz məktəbi bitirir. Onların çoxu təhsillərini davam etdirəcək və ya əmək fəaliyyətinə qoşulacaqlar. Bu gün məzunlarımıza baxanda, həqiqətən, qürur hissi keçiririk. Onların təhsil nəticələri, məktəbimizin adına qazandırdığı uğurlar bizi fərəhləndirir. Muxtar respublikamızda çox yaxşı haldır ki, qəbul imtahanının nəticələrinə əsaslanan müxtəlif təhlillər göstərir ki, istər 200 bal, istərsə də 250 bal və daha yuxarı nəticələr üzrə ötən illə müqayisədə 20-30 faiz artım müşahidə olunur. Bu isə keyfiyyət göstəricisi baxımından ciddi irəliləyişdir.
Eyni zamanda biz bu il və ötən il siz – mətbuat işçiləri ilə cəmiyyətə elan etmişdik ki, məktəblərin nailiyyətlərini yalnız qəbul və buraxılış imtahanları ilə deyil, müxtəlif fənn müsabiqələri, olimpiadalar və bu istiqamətdəki digər fəaliyyətlər əsasında da qiymətləndiririk. Ölkə əhəmiyyətli olimpiadalarda da bu sahədə ciddi irəliləyişlər var. Digər dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən olimpiadalarda da uğurlarımız olub və biz bu nəticələri hər zaman mətbuatla bölüşürük. Ümumilikdə, muxtar respublikamız olimpiadalarda 60-a yaxın medal qazandırmağa nail olub.
Beləliklə, çox pozitiv əhvali-ruhiyyə ilə 2024-2025-ci tədris ilini başa vurmaqla yanaşı, 2025-2026-cı tədris ilinə çox vacib ev tapşırıqlarının icrası ilə nəticəyönümlü şəkildə başlaya biləcəyik.
Sonda bütün məzunlarımızı təbrik edirəm!"
Mənsurə Hümbətova