
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Həsən Həsənli: Bu gün Xankəndidən, Xocalıdan, Cəbrayıldan, Şuşa məktəbindən məzunlarımız var
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli müsahibəsində deyib.
O qeyd edib ki, bu gün, həqiqətən, bütün ölkə üçün təhsil bayramıdır. Bu gün biz Azərbaycan vətəndaşlarını artıq müstəqil həyata hazırlayıb yola salırıq. Onlara uğurlar arzu edib təbrik edirik. Bizim üçün də xüsusilə qürurverici gündür ki, bu bayram həm də azad olan Qarabağda qeyd olunur.
Bu gün Xankəndi məktəbində, Xocalı məktəbində, Cəbrayıl məktəbində, Şuşa məktəbində məzunlarımız var və bu günləri görmək bizə qismət olubdur.
"Biz özümüzü xoşbəxt nəsil hesab edə bilərik. Buna sevinməkdə, həqiqətən də, bizim haqqımız var və mən bu münasibətlə bütün müəllimləri, valideynləri, pedaqoji kollektivi, təhsil işçilərini təbrik edir, onlara uğurlar arzu edirik.
Bu gün Qarabağın dörd məktəbində məzun tədbiri keçirilir. Düşünürəm ki, biz gələcəkdə daha çox sayda gəncimizi orada təbrik edə biləcəyik.
Baxın, torpaqlarımızın azad olunmasından cəmi 5 il sonra artıq həmin ərazilərdə məktəb infrastrukturunun mövcudluğu, Azərbaycanın milli təhsil standartlarının və proqramlarının tətbiq olunması, eyni zamanda ilk məzunların olması və qeyd edilməsi bizim üçün xüsusi rəmzi məna daşıyır. Biz buna böyük sevinc və qürur hissi ilə yanaşırıq. Əminəm ki, həmkarlarım da bu gün həmin şagirdlərlə, həmin kollektivlərlə birlikdə bu əlamətdar günü qeyd edirlər". - deyə nazir müavini qeyd edib.
Mənsurə Hümbətova