
Naxçıvan məktəbliləri Qəbələ şəhərində keçirilən yarışda qalib oldu - FOTO
Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan Nazirliyin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Gərgin mübarizə şəraitində yarışın ümumrespublika birinciliyində birinci yerə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi, ikinci yerə Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbi layiq görülüb.