"Naxçıvan Qaziləri" İctimai Birliyinə yeni sədr təyin olunub -

"Naxçıvan Qaziləri" İctimai Birliyinə yeni sədr təyin olunub - FOTO

30 İyun 2025

Naxçıvan Dövlət Universitetində "Naxçıvan Qaziləri" İctimai Birliyinin yaradılmasının ikinci ildönümünə həsr olunan hesabat iclası keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda birliyin həmtəsisçisi Əli Əlisoy çıxış edərək ötən iki il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Ardınca üzvlərin təklifi ilə birliyin yeni idarə heyətinin formalaşdırılması məqsədilə sədr və müavinlərin seçilməsi qərara alınıb.

Sədr vəzifəsinə Vətən müharibəsi qaziləri mayor Təbriz Zeynalov, mayor Firuz Məmmədov və kapitan Cehun Bayramovun namizədlikləri irəli sürülüb. Qazilər tərəfindən keçirilən gizli səsvermənin nəticəsinə əsasən, Vətən müharibəsi qazisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, ehtiyatda olan mayor Təbriz Zeynalov "Naxçıvan Qaziləri" İctimai Birliyinin yeni sədri seçilib.

Qeyd edək ki, iclasda iştirak edə bilməyən qazilər onlayn formada səsvermədə iştirak ediblər.

Sonda çıxış edən Təbriz Zeynalov ona göstərilən etimada görə təşəkkürünü bildirib və qazilərin birliyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini vurğulayıb.