"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi bəlli oldu -

"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi bəlli oldu - FOTO

30 İyun 2025

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirini başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin üçüncülük və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.

Üçüncü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin komandasına 5:4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin təmsilçiləri bürünc medalçı olublar.

Finalda isə Təhsil və Ədliyyə nazirlikləri meydanda olublar. Əsas mükafat uğrunda mübarizədə 1:1 hesablı bərabərlik qeydə alındığından qalib penaltilər seriyasında məlum olub. Penaltiləri üstün tamamlayan Ədliyyə Nazirliyinin komandası turnirin qalibi olub.

Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov və digərləri təqdim ediblər.

Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov nominasiya qalibləri kimi mükafatlandırılıblar.

Sonra isə ilk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə "Heydər Əliyev kuboku" təqdim olunub.