Sahil Tahirli: "Naxçıvanxəbərləri" informasiya məkanında özünəməxsus yer qazanıb

Sahil Tahirli: "Naxçıvanxəbərləri" informasiya məkanında özünəməxsus yer qazanıb

30 May 2025

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin sədri Sahil Tahirli "Naxçıvanxəbərləri" informasiya portalına ünvanladığı təbrik məktubunda medianın inkişafı, informasiya paylaşımında çeviklik və peşəkarlıq baxımından bu platformanın uğurlu fəaliyyətini yüksək qiymətləndirib.

“Tərəfsiz və operativ informasiya ilə çıxış edən "Naxçıvanxəbərləri" qısa zamanda cəmiyyətin etimadını qazanaraq Naxçıvanın informasiya məkanında özünəməxsus yer tutub,” – deyə o, məktubunda vurğulayıb.

Sahil Tahirli qeyd edib ki, "Naxçıvanxəbərləri" təkcə xəbərləri çatdırmaqla kifayətlənmir, həm də regionun tanıdılmasına, tarixi, mədəni və sosial proseslərin ictimaiyyətə dolğun təqdiminə mühüm töhfələr verir. 

O bildirib ki, bu platforma Naxçıvanın müasir simasının təbliğində mühüm rol oynayır.

Təbrik məktubunda o, eyni zamanda vurğulayıb ki, Naxçıvan Televiziyasında yetişmiş peşəkar jurnalistlərin bu gün Naxçıvanxəbərlərində fəaliyyət göstərməsi həmin məktəbin davamlılığını və gücünü nümayiş etdirir. Sevinirəm ki, bu media qurumunu Naxçıvan Televiziyasında yetişib formalaşmış gənclər idarə edir və uğur qazanırlar.

“Bu, bizim üçün həm qürurvericidir, həm də mediada peşəkarlıq ənənəsinin qorunub saxlanmasının əyani göstəricisidir,” – deyə o bildirib.

Sonda QSC sədri kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzulayıb və media əməkdaşlarının milli maraqlara xidmət edən fəaliyyətini dəstəklədiyini vurğulayıb.

Biz də həmçinin NAXÇIVANXƏBƏRLƏRİ olaraq Naxçıvan Televiziyasının peyk yayımına başlaması münasibətilə həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq.